Links & ImagesCəlilov Bəxtiyar Məzahim oğlu 06 iyul 1975-ci ildə Basarkeçər rayonunun Canəhməd kəndində anadan olmuşdur.
İbtidai təhsilini Canəhməd kənd orta məktəbində, orta təhsilini isə Goranboy rayonunun Qaradağlı kənd orta məktəbində almışdır.
Ali təhsilini Azərbaycan Dövlət Pedaqoji Universitetində almışdır. Aspirantura təhsilini AMEA Arxeologiya və Antropologiya İnstitutunda başa vurmuşdur.
Tarix və dövlət hüququ, arxeologiya sahələri üzrə ixtisaslaşmışdır.
Əmək fəaliyyətinə AMEA Arxeologiya və Antropologiya İnstitutunda elmi işçi kimi başlamış, daha sonra böyük elmi işçi, aparıcı elmi işçi vəzifələrində çalışmışdır. Hazırda həmin institutda şöbə müdiri vəzifəsində çalışır.
Tarix üzrə fəlsəfə doktoru (t.ü.f.d.) elmi dərəcəsinə və dosent elmi adına malikdir.
4 kitab və 85 elmi məqalənin müəllifidir. Müəllifi olduğu kitablar: “Çərmədil nekropolu” (2012), “Azərbaycanda qədim metallurgiya və metalişləmə” (2018), “Daşbulaq orta əsr yaşayış yeri” (2025), “Çovdar nekropolu” (2025).
Bir sıra beynəlxalq elmi konqres və simpoziumlarda iştirak etmişdir: Qədim Yaxın Şərq Arxeologiyası üzrə 12-ci Beynəlxalq Konqres (Bolonya, İtaliya), Avropa Arxeoloqlar Assosiasiyasının 20-ci İllik Toplantısı (İstanbul, Türkiyə), 15-ci Beynəlxalq Arxeoloji Tədqiqatlar Konfransı (Kiel, Almaniya), “Qafqaz: eramızdan əvvəl IV–III minilliklərdə Mesopotamiyadakı şəhər mərkəzləri ilə Pont çölləri arasında körpü” beynəlxalq Qafqaz konfransı (Frankfurt, Almaniya), “Duz, mis və qızıl haqqında. Qafqazda erkən mədənçilik və metallurgiyanın mənşəyi” beynəlxalq konfransı (Tbilisi, Gürcüstan), Şərqi Anadolu–Cənubi Qafqaz mədəniyyətləri üzrə beynəlxalq simpozium (Ərzurum, Türkiyə), Kurqanların tikintisi beynəlxalq konfransı (Florensiya, İtaliya), Qədim Yaxın Şərq Arxeologiyası üzrə 13-cü Beynəlxalq Konqres (Kopenhagen, Danimarka), E.İ. Krupnov və Şimali Qafqazda arxeologiyanın inkişafı. XXVIII Krupnov qiraətləri beynəlxalq elmi konfransı (Moskva, Rusiya), “Urartu və daha sonrası” beynəlxalq simpoziumu (Van, Türkiyə).
Anasının adı Zibərdir. Həyat yoldaşı Təranədir. Bir oğlu (Toğrul) və bir qızı (Leyla) var.
Keywords#Basarkeçər#Qərbi Azərbaycan#Göyçə#Bəxtiyar Cəlilov#arxeologiya#AMEA#t.ü.f.d.#dosent#Basarkeçər#nekropol#metallurgiya