YaratdıqlarıZiyəddin Məhərrəmovun 2003-cü ildə çap olunan "Sözün yaddaşı əbədidir" kitabında əsasən Şuşanın tarixindən yığcam məlumat verməklə yanaşı, XX əsrin 60-cı illərindən etibarən Şuşada çalışan rəhbər işçilərin fəaliyyətinin bəzi məqamları, onların keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin separatçı erməni başçılarının təzyiqlərinə məruz qaldıqları, erməni millətçilərinin torpaqlarımıza və xalqımıza qarşı yönəltdiyi düşmənçilik siyasətinin acı nəticələri, Qarabağ torpaqları uğrunda həlak olan qeyrətli oğullarımızın, qəlbində Qarabağ, Azərbaycan sevgisi olan, özündə Vətən, torpaq təəssübünü yaşadan görkəmli elm adamlarının tərcümeyi-hal oçerkləri də öz əksini tapmışdır[3].
2006-cı ildə "Xatirələrdə yaşayan Əli müəllim" adlı kitabda Azərbaycan dilinin tədrisi metodikası sahəsində tanınmış görkəmli alim, tədqiqatçı, naşir, çoxsaylı monoqrafiyaların, dərsliklərin, müxtəsər və izahlı lüğətlərin müəllifi, pedaqoji elmlər doktoru, professor Əli Abbas oğlu Fərəcovun həyat fəaliyyəti, onunla ünsiyyətdə olan insanların, yaxın dost və tanışlarının xatirələri öz əksini tapmışdır. Burada həmçinin onun xeyirxah əməlləri, insanlara nümunə ola biləcək mənalı ömür yolu barədə söhbət açılmışdır[3].
2008-ci ildə oxuculara təqdim olunan "İrəvan türklərinin ədəbi mətbuat abidəsi: "Lək-Lək" jurnalı" adlı məcmuə XX əsrin birinci onilliyində Qərbi Azərbaycanda — oğuz yurdu İrəvanda 1914-cü il fevral ayının 22-dən həmin ilin 30 iyununadək nəşr olunmuş, cəmi 12 nömrəsi işıq üzü görmüş "Lək-Lək" (əslində senzura sənədlərində "Leylək" (Aist)) jurnalının ərəb qrafikalı əlifbadan transliterasiyadır. "Lək-Lək" "Molla Nəsrəddin" ədəbi məktəbi ənənələrini davam etdirmişdir[3].
Onun 2010-cu ildə "İrəvanda məktəbdarlıq və maarifçilik: 1800–1920-ci illərdə ədəbi-mədəni mühit" adlanan kitabında qədim tarixə, zəngin ədəbi ənənələrə malik İrəvan xanlığı ərazisində Azərbaycanın Qərb zonasında məktəbdarlıq və mədəniyyətin, o cümlədən maarifçilik ədəbi hərəkatının yaranması və inkişaf xüsusiyyətləri araşdırılmışdır. Müəllif elmi-tarixi mənbələrə, arxiv sənədlərinə və İrəvanda ilk yazılı mətbuat abidələri "Lək-lək", "Bürhani-həqiqət" jurnallarına istinadən ictimai-ədəbi və milli-mədəni fikir tariximizin mənzərəsini işıqlandırmağa çalışmışdır[3].
Ziyəddin Məhərrəmovun publisistikanın əksər janrlarında yazıları "Gənc müəllim", "Vardenis", "Sovet Ermənistanı", "Şərq qapısı", "Sovet Qarabağı", "Sovet kəndi", "Bərəkət", "Azərbaycan pioneri", "Şuşa", "Respublika", "Azərbaycan", "Ədəbiyyat qəzeti", "Ədalət", "Azərbaycan müəllimi", "Qarabağ", "Xalq qəzeti", "Ekspress", "Naxçıvan", "Azad Azərbaycan" və digər qəzetlərdə, filologiyaya dair toplularda, "Azərbaycan", "Laçın yurdu" və "Ozan dünyası" jurnallarında dərc olunmuşdur. "ХХ əsr Göyçə aşıq mühiti" monoqrafiyasının (1997), "Unudulmaz sazlı-sözlü yurdumuz" (2001), "Sözün yaddaşı əbədidir" (2003), "Xatirələrdə yaşayan Əli müəllim" (2006) kitab-topluların müəllifi, Tərlan Göyçəlinin "Göyçə aşıq məktəbi" toplusunun redaktoru, Müşkül Musanın "Torpağında izim qalan Göyçə", Qaçay Bəhmənoğlunun "O yerlərin yönü bəri" (2000), "Şair Bəhmən Göyçəli" (2004) kitablarının tərtibçisi və ön sözlərinin müəllifidir. Eyni zamanda ayrı-ayrı müəlliflərin, tanınmış adamların həyat və yaradıcılığına həsr edilən "Sazın Ədalət dünyası" (1999), "Müdriklik mücəssəməsi" (2003), "Sizi sevən Sərdaram" (2004), "Əkbər sənətinin işığında" (2004) kimi kitab-toplularda ədəbi-publisist məqalələri dərc olunmuşdur.Dövlət Təltifi və Fəxri Adlar"Qızıl qələm" mükafatı laureatı (14.06.2013), Azərbaycan Jurnalistlər Birliyinin (1998) və Azərbaycan Yazıçılar Birliyinin (noyabr, 2007) üzvüdür.
Qarabağ müharibəsi veteranı (1999), Qabaqcıl təhsil işçisi (sentyabr, 2009), YAP-ın 20 illiyi ilə əlaqədar Səbail rayon təşkilatının Fəxri fərmanı (21.02.2013) ilə təltif edilmişdir.
"Xalqın nüfuzlu ziyalısı" diplomu (17.03.2015) və "Şərəf" media mükafatı (20.05.2015) laureatıdır.