Əlavə Şəkillər, LinklərAslanov Qələndər 1975-ci ildə Nərimanlı (Hüseynquluağalı) kəndində anadan olub. 1992-ci ildə Respublika Olimpiya Ehtiyatları Məktəbini bitirib. 1993–1997-ci illərdə Füzuli və Kəlbəcər rayonları uğrunda gedən döyüşlərdə iştirak edib, çavuş hərbi rütbəsi ilə xidmətini başa vurub. Xidməti dövründə Murovdağ istiqamətində gedən döyüşlərdə yaralı vəziyyətdə olan bölük komandirini və əsgər yoldaşlarını döyüş meydanından təxliyə edib. Birinci Qarabağ müharibəsi veteranıdır. 2002-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) İlkin hərbi və fiziki təlim fakültəsini fərqlənmə diplomu ilə bitirib. Pedaqoji fəaliyyətinə 2003-cü ildə Binəqədi rayonu 83 saylı məktəb-liseydə fiziki tərbiyə müəllimi kimi başlayıb. 2004-cü ildən Azərbaycan Tibb Universitetinin (ATU) Bədən tərbiyəsi və idman kafedrasında müəllim vəzifəsində çalışır. 2007-ci ildən ATU-nun Həmkarlar İttifaqı Komitəsi Rəyasət Heyətinin üzvüdür. 2008–2019-cu illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyində fiziki tərbiyə fənni üzrə dərsliklərin və müəllimlər üçün metodik vəsaitlərin qiymətləndirilməsində ekspert kimi fəaliyyət göstərib. 2017-ci ildə ATU-nun Stomatologiya fakültəsinə akademik məsləhətçi təyin edilib. 2009–2012-ci illərdə Praktiki psixologiya üzrə magistratura, 2013–2016-cı illərdə isə doktorantura təhsili alıb. 2017-ci ildə dissertasiya işini müdafiə edərək pedaqogika üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülüb. 20-dən çox elmi məqalənin, 1 tədris-metodiki vəsaitin, 1 monoqrafiyanın və 2 tədris proqramının müəllifidir. 2021-ci ildən ATU-nun “Təbib” İdman Klubunun sədri və Şərq döyüş növləri bölməsinin məşqçi-müəllimi vəzifəsində çalışır. Yunan-Roma güləşi üzrə SSRİ idman ustası, Kyokuşin karate üzrə beynəlxalq yarışların qalibi, Avropa və dünya çempionatlarının mükafatçısı olub. Beynəlxalq dərəcəli hakim, IV Dan qara kəmər ustası olan Qələndər Aslanov 2012, 2018, 2019 və 2024-cü illərdə Avropa və dünya çempionatlarında “Ən Yaxşı Hakim” seçilib. 2012-ci ildə Respublika üzrə keçirilən “Ən Yaxşı Müəllim” müsabiqəsinin qalibi olub, 2015-ci ildə Azərbaycan Respublikasının “Əməkdar məşqçisi” fəxri adına layiq görülüb. Həmçinin 2021-ci ildə “Fədai”, 2022-ci ildə isə “Böyük Zəfər” medalları ilə təltif olunub. Ailəlidir, bir övladı var.Açar Sözlər#Qələndər Aslanov#Nərimanlı kəndi#Hüseynquluağalı kəndi#Göyçə mahalı#Basarkeçər#Azərbaycan Tibb Universiteti#ATU#Təbib İdman Klubu#pedaqogika üzrə fəlsəfə doktoru#Əməkdar məşqçi#Kyokuşin karate#Yunan-Roma güləşi#Birinci Qarabağ müharibəsi veteranı#beynəlxalq dərəcəli hakim#Fədai medalı#Böyük Zəfər medalı#Nərimanlı ziyalıları