Əlavə Şəkillər, LinklərAbdullayev Malik Qurban oğlu 1952-ci ildə Nərimanlı (Hüseynquluağalı) kəndində anadan olub. 1959–1969-cu illərdə həmin kəndin orta məktəbində təhsil alıb. 1974-cü ildə Bakı Dövlət Universitetinin (o vaxtkı Azərbaycan Dövlət Universiteti) Tətbiqi riyaziyyat və mexanika fakültəsini bitirib. Təyinatla Elmlər Akademiyasının Dərin Neft və Qaz Yataqları Problemləri İnstitutunda (DNQYPİ) əmək fəaliyyətinə başlayıb. 1974–1978-ci illərdə “Layların və quyuların tədqiqatı” laboratoriyasında kiçik elmi işçi vəzifəsində çalışıb, 1978-ci ildə istehsalatdan ayrılmadan həmin institutun aspiranturasına daxil olub. 1980-ci ildə öz ərizəsi ilə DNQYPİ-dən azad olunaraq, “Kaspmorneft” İB-nin “Dənizneftqazlayihə” DETLİ-yə kiçik elmi işçi vəzifəsinə qəbul edilib. Daha sonra burada elmi işçi, böyük elmi işçi və bölmə müdiri vəzifələrində çalışıb. 1993-cü ildə köçürmə yolu ilə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) İstehsalat şöbəsində baş mütəxəssis vəzifəsinə təyin edilib. 1999-cu ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasında SOCAR-ın nümayəndəsi kimi “Strateji Tədqiqatlar və Dövlət Müdafiəsini İdarəetmə” akademik kursunu uğurla başa vurub. 2000-ci ildə yenidən SOCAR-ın “Dənizneftqazlayihə” DETLİ institutuna qayıdaraq elmi fəaliyyətini davam etdirib. 2002-ci ildə neft yataqlarının işlənməsi və istismarı sahəsi üzrə dissertasiya işini müvəffəqiyyətlə müdafiə edərək texnika üzrə fəlsəfə doktoru (texnika elmləri namizədi) elmi dərəcəsinə layiq görülüb. 2007-ci ildə SOCAR-ın nəzdindəki iki elmi-tədqiqat institutunun birləşməsi nəticəsində yaradılan yeni “Neftqazelmitədqiqatlayihə” İnstitutunda 2007–2009-cu illərdə Həmkarlar İttifaqı Komitəsinin sədri vəzifəsində işləyib. 2009-cu ildən etibarən elmi fəaliyyətlə daha fəal məşğul olmaq üçün institutun elmi-tədqiqat laboratoriyasında aparıcı elmi işçi kimi fəaliyyətini davam etdirib, bir çox elmi-tədqiqat işlərinin məsul icraçısı və rəhbəri olub. 2015-ci ildə təqaüdə çıxıb. Həmin ilin sentyabr ayından Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) “Neft-qaz mühəndisliyi” kafedrasının rəhbərliyinin dəvəti ilə orada dosent vəzifəsində çalışır. Eyni zamanda 2016–2021-ci illərdə ADNSU-nun nəzdindəki “Neftin, Qazın Geotexnoloji Problemləri və Kimya” ETİ-də 0,5 ştat böyük elmi işçi vəzifəsində işləyib. Hazırda texnika elmləri doktoru elmi dərəcəsi üzrə müdafiənin son mərhələsindədir. Dosent Malik Abdullayev 2 dərsliyin, 5 tədris vəsaitinin, 150-dən çox elmi işin, həmçinin 23 müəlliflik şəhadətnaməsi və patentin müəllifidir. Onun elmi məqalələri ABŞ, Polşa, Rusiya, Qazaxıstan və digər ölkələrin nüfuzlu elmi jurnallarında dərc olunub. Altı nəfər doktoranta (onlardan biri Qazaxıstan Respublikasından olmaqla) elmi rəhbərlik edib. Əsas elmi nəticəsi: İki ixtirasının sənaye tətbiqindən əldə olunan illik iqtisadi səmərə 20 000 tondan çox əlavə neft hasilatı və ya 1,2 milyard manatdan artıq mənfəət təşkil edib (2002-ci ildə rəsmi təsdiq olunmuş göstəricilərə əsasən). Ailəlidir, üç övladı var.Açar Sözlər#alik Abdullayev#Malik Qurban oğlu Abdullayev#Dosent Malik Abdullayev#Nərimanlı kəndi#Hüseynquluağalı kəndi#Göyçə mahalı#Basarkeçər#Azərbaycan alimləri#neft-qaz mühəndisliyi#texnika üzrə fəlsəfə doktoru#ADNSU#SOCAR#Dənizneftqazlayihə#Neftqazelmitədqiqatlayihə#Bakı Dövlət Universiteti#neftçi alimlər#ixtiraçı#elmi fəaliyyət